weher uwagi

weher uwagi Məşhurlar 16-05-2025, 11:14

Piruz Dilənçi - 60

Piruz Dilənçi - 60

Piruz Dilənçi (Əli Baratəli oğlu İsmayılfiruz, علی اسماعیل فیروز) 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə orta məktəbini bitirib 1983÷1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 (bəzi mənbələrdə 8) kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür. İranın dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilmişdir. 17 yaşında ümumiran gəncləri arasında keçirilən ədəbi yarışda birinci yeri tutmaqla İranın nümunəvi gənci adına layiqgörülmüşdür. Ustad Məhəmmədhüseyn Şəhriyarın (1906÷1988) şagirdlərindən biri kimi tanınır.

Piruz Dilənçi - 60

Dahi Azərbaycan şairi ustad Şəhriyar və Piruz Dilənçi — Təbriz 1988

İran, Türkiyə və Azərbaycanda onun sözlərinə (100-ə yaxın) mahnılar bəstələnmişdir. Əvvəllər sol təmayüllü siyasi təşkilatların tərkibində, sonralar isə milli azadlıq uğrunda apardığı siyasi mübarizələr nəticəsində dəfələrlə totalitar molla rejimi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 1990-cı ilin yanvar ayında Azərbaycanına pənah gətirmişdir. O vaxtkı Sovet Azərbaycanında yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd Araz və Nəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan DTK, nəhayət ki, 1991-ci ildə onu "vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır. Burada “Ədəbiyyat və incəsənət” qəzetində əməkdaşlıq etmiş, orada bir ilə yaxın "Ədəbi Təbriz" səhifəsi hazırlayıb buraxdırmışdır. Eyni ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilmişdir. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) lideri olaraq o, tarixdə ilk dəfə Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyasını yaratmış, 2004-cü ildən etibarən dünya siyasəti arenasına - Birləşmiş Millətlər Təşkilatına çıxarmışdır.

Bünövrəsi 1991-ci ildə qoyulmuş CAMAH -ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik etmişdir. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P. Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsinin sədri təyin edilmişdir.

2002-ci il dekabr ayının 5-də Piruz Dilənçi bir qrup naməlum şəxs tərəfindən yaşadığı mənzilin qarşısından oğurlanmışdır. 21 gün məxfi saxlanıldıqdan sonra, mətbuatın təzyiqi nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin mətbuat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi ilə bağlı açıqlama vermişdir. Piruz Dilənçi bir həftə yeraltı və soyuq kamerada ağır fiziki və ruhi işgəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda yerləşən təcridxanaya göndərilmişdir. 38 gün həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutulduğu kimi, səbəbsiz də ev dustağı şəraitində nəzarətdə saxlanılmaq şərti ilə azadlığa buraxılmışdır. Üç aydan sonra isə ev dustaqlığından da azad edilmişdir.

Hazırda Kanadanın Vankuver şəhərində yaşayır. Göstərdiyi siyasi və ədəbi fəaliyyətlərinə görə, onun ad günü münasibətilə 2008-ci ilin may ayında, Kanada dövləti tərəfindən P. Dilənçiyə və ailə üzvlərinə Kanada vətəndaşlığı verilmişdir. Daha sonra Kanadanın dövlət başçısı Stiven Harper özəl bir məktubla Piruz Dilənçini təbrik etmişdir.

2015-ci ildə Azərbaycanın bir çox samballı xalq şairi, yazıçısı, bəstəkar və müğənnilərinin, o cümlədən millət vəkili və siyasi xadimlərinin iştirakı ilə P.Dilənçinin 50 illiyinə həsr olunmuş sənədli film çəkilmişdir. Biz də indi, yəni bu gün onu 60 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, can sağlığı arzulayırıq və dəyərli bəstəkar Eldar Mansurovun onun sözlərinə bəstələdiyi və xalq artisti Mübariz Tağıyevin ürəyə yatımlı səsi ilə ifa etdiyi «Yada sal məni» mahnısını sözləri ilə pararlel sizinlə paylaşırıq.

Gedirəm bu axşam, gedirəm gülüm.
Bilirəm gül üzün solacaq mənsiz.
Gedirəm gəlməsəm qalacaq sevgim,
Bəlkə də gözlərin dolacaq mənsiz.

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm gəlməsəm yada sal məni.

Bürüyüb göyləri indi çən, duman
Torpaq dilə gəlib aman! Ay aman!
Vətən gözü yaşlı qalsa o zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz!

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm gəlməsəm yada sal məni.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 266 244 290 280 302

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.