Nazənin Bünyadi – 45
Əslən iranlı olan Britaniya və ABŞ aktrisası Nazənin Bünyadi (farsca نازنین بنیادی) 22 may 1980-cı ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. XIX əsrdə yaşamış məşhur fars filosofu və şairi Səfi Əli Şahın kötücəsidir. Hazırda ABŞ-də yaşayır və insan hüquqlarının fəal müdafiəçisidir. Valideynləri İran İnqilabı zamanı Londona mühacirət etdilər, Nazənin burada özəl məktəbdə oxudu. Valideynlərinin istəyi ilə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetinin biologiya fakultəsinə daxil oldu və 2003-cü ildə biologiya elmləri üzrə bakalavr dərəcəsi aldı.
UCI-də xərçəng xəstəliyinin müalicəsi ilə bağlı molekulyar tədqiqatlarına görə Chang Pin-Chun Undergraduate Research Award mükafatını qazandı. Həmçinin, UCI tələbələri üçün tibbi qəzet olan MedTimes-ın baş redaktorunun köməkçisi işləyib. 2009-cu ildə Londonda Kral Dramatik İncəsənət Akademiyasında müasir dram üzrə təhsil alıb. Karyerasına 2006-cı ildən start verib. 2005-ci ilin yanvarına kimi məşur ABŞ aktyoru Tom Kruzla eşq macərası yaşayıb və onun yaxın partnyoru olub. Nazəninin ilk əhəmiyyətli rolu “General hospital” adlı operada, daha sonra “Çarli Uilsonun müharibəsi”, “Dəmir adam”, “Qaçmaq üçün 3 gün” filmləri oldu. 2014-cü ildə “Vətən” filmində iranlı qız rolunu oynadı. 2015-ci ildə “Səhrada rəqs edənlər” filmində rol aldı. Daha bir neçə məşhur filmlərdə rollarını aldı ki, bunlardan “24 saat” (2010) serialı və “Üzüklərin hökmdarı” (2022) filmi ən yadda qalanlarıdır.
Bünyadi ingilis və fars dillərində səlis danışmağı bacarır. Hazırda ailəli olub-olmaması haqda dəqiq məlumat yoxdur.






