AzizA

AzizA Şeirlər 14-03-2026, 12:30

Cabir Novruz - Cavanlığım

Cabir Novruz - Cavanlığım

Həyatımın tacı idi
Qara gözlü cavanlığım.
Eşq, məhəbbət acı idi
Qara gözlü cavanlığım.

Ürək kimi döyünərdi,
Nə bir qəmi, nə bir dərdi.
Çox illərə sinə gərdi,
Durdu, dözdü cavanlığım.

Dava idi, dərman idi,
Təbib idi, loğman idi,
Bir çağlayan ümman idi,
Gur dənizdi cavanlığım.

Arzulara adlayardı,
Qönçə kimi çatlayardı,
Gözəlləri odlayardı,
Qaynar, isti cavanlığım.

Çöldə bitən bir laləydi,
Meylə dolu piyaləydi,
Dağ uçuran şəlaləydi,
Oddu, közdü cavanlığım.

Şimşəkləri üzdü, yordu,
Nə dayandı, nə yoruldu.
Ah, nə şəffaf, nə büllurdu,
Nə təmizdi cavanlığım.

Təbiətin nemətiydi,
Sevgilərin məbədiydi,
Sanardım ki, əbədiydi,
Tükənməzdi cavanlığım.

Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu,
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 226 234 209 214 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.