Sənan Aslan şeir
Gecələr çox uzun keçir nədənsə
Sənsizəm deyə hər an qəmli oluram
Sevgimi salıblar dar bir qəfəsə
Sənsiz keçən hər gün dəli oluram
Üzünü görməyim kifayət etmir
Öpərək gözünə baxmağım gəlir
Səni sevirəm demək mənə bəs etmir
Sənə sarılaraq yatmağım gəlir
Gecəylə gündüzü səhv salmışam mən
Sən yoxsan gündüz də gecə kimidir
Sevgi hissini sənlə dadmışam mən
Səndən ayrı qalmaq məni incidir
Gəl biz bu hicrana son qoyaq daha
Qovuşsun səmada ulduzlarımız
Qucaqlaşaq artıq, sarılaq daha
Çin olsun ən gözəl arzularımız






