"Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb..." - Sevinc Fədai intiharın bütün sirlərini açdı
Jurnalist Sevinc Fədai həyat yoldaşının intihar etdiyi gecə yaşananları detalları ilə açıqladı: "Mənimlə "Gündəlik Teleqraf” qəzetinin nömrəsindən danışanda əmin oldum ki, redaksiyaya qayıdıb, amma...Gənc yazar Mövlud Abdullayevin intiharı ilə bağlı cinayət işi açılıb. İstintaq artıq hadisə ilə bağlı mərhumun yaxınlarını dindirir, ifadələrini alır. Bu məqamda isə musavat.com-a hadisənin detalları ilə bağlı yeni-yeni məlumatlar daxil olub. Bunlar M.Abdullayevin intihardan öncəki durumu, hərəkət trayektoriyası, habelə danışıqları ilə bağlı idi. M.Abdullayevin həyat yoldaşı Sevinc Fədaidən aldığımız ilk müsahibə isə ağrılı qadının, ananın dedikləri, hissləri, itkiləri idi. Amma olayla bağlı qaranlıq məqamlar, suallar yetərincə çoxdur.
Bu suallara cavab tapmaq və qaranlıq məqamlara aydınlıq gətirməsi üçün növbəti dəfə S.Fədaiyə müraciət etdik. Jurnalist həmkarımız bu dəfə intihar günü ilə bağlı bütün detalları açıqladı və bilinməyənlərə aydınlıq gətirdi.
-Sevinc xanım, istintaqa dəvət olunmusuzmu?
-Bəli, iki dəfə ifadə vermişəm. Bildiriblər ki, növbəti dəfə yeni suallar yaranarsa çağırılacam. Əslində ifadəm yekunlaşıb.
-Nələr soruşublar sizdən?
-Tanışlığımızdan tutmuş, son günkü danışığımıza qədər hər şeyi ifadəmdə bildirmişəm. Mətbuatı, cəmiyyəti maraqlandırmayan sualları belə istintaq üçün cavablandırmışam. Onlar artıq məhrəm və özəl şeylərdir. Onları istintaqdan saxlamaq olmaz. Amma cəmiyyətin və mətbuatın bilməsinə ehtiyac görmürəm. Bu, mənim şəxsi seçimimdir. Bu, mənim ailə məsələmi ictimailəşdirmək olacaq ki, mən buna ehtiyac görmürəm.
-Sizinlə götürdüyüm ilk müsahibədən sonra da daha çox bu sualların yarandığını hiss etdim. Sizi azacıq da olsa qınamağa özündə mənəvi haqq tapanlar "niyə Mövluda geri qayıtmadı, qayıtsaydı bu hadisə baş verməzdi” deyə suallar səsləndirdilər. Eyni sualı istintaq da sizə verdimi?
"Mövlud tez-tez intihar edəcəyini desə də, içkili olmasa, bunu etməzdi”
-Detallara varmaq istəmirəm. Amma bir şeyi deyim ki, mən o evdən yaşamaq üçün, övladımı yaşatmaq üçün getdim. Fiziki, psixoloji olaraq ayaqda qalmaq üçün getdim. O evdən sağlam çıxmaq istədim. Sağlam çıxmadım, zərrə-zərrə ölürdüm, sonda yaşamaq üçün getdim. Açıq olan bir şey var ki, mən də intihar etsəm, Mövludun üstünə düşəcəkdilər. Mövlud nəinki bu basqılara, bir sözə belə tab gətirə bilməzdi. Mən isə intihar etməyi yox, evdən getməyi seçdim. Bunu da cəmiyyət mənə bağışlamır. Az qalırar desinlər ki, kaş ki, sən də öləyidin. Oğlum üçün, uzaqda da olsa Mövlud üçün yaşamaq istəyimi mənə bağışlamırlar. Mən də ona görə yenə kənarda dayanıram ki, qoy yaşamağı bacarım. Evli olduğumuz 3 il ərzində də, sonuncu 2 ay ərzində mənim nə yaşadığımı heç kim bilməyib. Ailəm belə bilməyib. Ara-sıra nəyəsə şahid olanlar olub. Amma bunun da ani bir şey olduğunu demişəm. Hər şeyin keçəcəyini, yaxşı olacağını düşünürdüm. Amma olmadı. Ard-arda yaşananlar məndə güc qoymadı. Mövluda da demişdim ki, Mövlud, Ucal olmasa sonuna kimi gedək bu yolu, ölsək də bir yerdə ölək. Gec və ya tez... Amma Ucal var axı. Onu dünyaya gətirmişəmsə, ona sahib çıxmalıyam. Onu taleyin, bu qəddar cəmiyyətin ümidinə buraxa bilməzdim. Sanki gəmi batırdı, içində də 3 adam. (big.az)







