weher uwagi

weher uwagi Heyvanlar aləmi 13-05-2025, 16:20

Qəribə və nadir heyvanlar - 3

Qəribə və nadir heyvanlar - 3

Hər kəsi xoş gördük, üçüncü onluğa keçid alırıq və bildirmək istərdim ki, bundan sonrakı onluqla layihəni bitiririk.

1. Qurşaqquyruq (lat. Cordylidae)

Qəribə və nadir heyvanlar - 3

Ən heyrətamiz sürünənlərdən biridir: kərtənkələnin bədəni həqiqi pulcuqlarla örtülüb. Pulcuqların üzərində tikanlar var, təhlükə anında heyvan özünü qoruyaraq halqa kimi burulur. Üstəlik, quyruğunu dişləri ilə möhkəm tutur ki, onu açmaq mümkün olmasın. Bu hal onları daha da şirin və sevimli göstərir. Onlara kordilidlər və afrika əjdahaları da deyilir. Mərkəzi və Cənubi Afrikada və Madaqaskar adasında yaşayırlar. Kiçik altnövləri həşəratlarla, böyükləri başqa kərtənkələləri, qurbağa və gəmiriciləri tutur. Qurşaqquyruqların bir hissəsi yumurta qoyur, bəziləri isə dünyaya diri gətirir. Erkəklər bir-birinə qarşı aqressivdir. Vəhşi təbiətdə 2-dən 60-a qədər fərdlərlə qrup şəklində yaşayırlar. Ömürləri boyu kərtənkələlərin bir neçə dəfə yeni dişləri çıxır. Həmçinin, qopmuş quyruq da yetişir. Areallarının cənub hissəsində qış yuxusuna gedə bilirlər.

2. Bənövşəyi qurbağa (lat. Nasikabatrachus sahyadrensis)

Başqa adları — hind musson qurbağası, purpur (ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır) qurbağa, qurbağa köstəbəyi (torpağın altında yaşayır). Növ yalnız 2003-cü ildə qeydə alınıb və təsnifatı təsdiqlənib. Bu canlılar cəmi 14 km² ərazidə Hindistanın Qərbi Qat dağları ərazisində yayılıblar. Latın adını qəribə burnuna görə alıb. Dünyanın ən eybəcər heyvanları sırasına daxil olmasına səbəb kimi nazik əlləri ilə kök bədənini, uzunsov burnu ilə kiçik başını və pis qoxu gəlməsini qeyd edirlər. Qoxu hissi əla inkişaf etsə də, kiçik gözləri demək olar ki, kordur. Yer altında həşərat və qurdlarla qidalanır, yalnız ildə 2 həftə musson yağışları vaxtı cütləşmək üçün torpağın səthinə çıxır, kürüsünü müvəqqəti gölməçələrə tökür. Məhz bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olduğundan az öyrənilmişlər siyahısındadır. 2008-ci ildə dünyanın 20 ən qəribə və çirkin heyvanları siyahısına daxil edilərək Qırmızı kitaba salınıb.

3. Çılpaq yereşən (lat. Heterocephalus glaber)

“Ən qəribə heyvanlar” qrupunda bu qazan Afrika gəmiricisi mütləq liderlər arasında olacaq. Onun haqqında bəzi ən qeyri-adi faktlar budur: heyvanın tükü yoxdur, qanı soyuqdur, ağrıya qarşı hissiyatı yoxdur. 80 nəfərə qədər mürəkkəb təşkilata malik hökmdarlı koloniyadan ibarətdir – dişi rəhbər, zadəgan və sadə işçilər. Ömürləri 40 ilə qədərdir (siçanlar il yarım, siçovullar 3-4 il yaşayır). Bu gəmiricilər heç vaxt xərçəng xəstəliyinə tutulmur. Kraliça il ərzində 5 bala doğur, onun seçilmiş 2-3 erkəkdən ibarət hərəmxanası var. Ömrü ərzində minə qədər bala gətirir. Qalan dişilər heç vaxt cütləşmir və ancaq işçi ola bilirlər. Kraliçanın ölümündən sonra dişilər onun yerini tutmaq hüququ uğrunda şiddətli döyüşlərə girirlər. Onlar quru Savannada (Afrika günəşi altında qonur rəng almış düzənlik), Keniya, Efiopiya (qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır) və Somalinin yarımsəhralarında yaşayırlar.


4. Marqay və ya uzunquyruq pişik (lat. Felis wiedii)

Meksikadan Argentinaya qədər And dağlarının şərqində Mərkəzi və Cənubi Amerikanın yağışlı tropik meşələrində yaşayan nadir vəhşi pişik növlərindən biridir. Görünüşcə pələng pişiyi cinsinə aid heyvan növü olan oselota (lat. Leopardus pardalis) bənzəyir, lakin iki dəfə kiçik. Marqi, uzunquyruq meşə pişiyi, ağac bəbiri, dələ pişik kimi digər adları da var. Marqay uzun ayaqları ilə rahat şəkildə budaqdan budağa tullanaraq ovunu edir və vaxtının çox hissəsini ağacda keçirir. Çəkisi adətən 8-10 kq olsa da, maksimal çəkisi 16 kq-a qədərdir. Çox uzun quyruğu tullanan zaman bədənini tənzimləməsinə kömək edir. Tək şəkildə gecə həyat tərzi sürür, meyvələrdən imtina etməyərək əsasən gəmiricilər, quşlar və kiçik primatlarla qidalanır, lakin amfibiyalara da nifrət etmir. Digər pişiklərdən fərqli olaraq marqay ağacdan şaquli vəziyyətdə başı aşağı enə və dələ kimi havada topuqlarını 180 dərəcə fırlada bilir.

5. Palma oğrusu (lat. Birgus latro)

Xərçəngkimilərin görünüşcə ən ürpədici nümayəndələrindən birinin başqa adı Kokos yengəci və ya Hindqozu yengəncidir. Hind və Sakit okeanların tropik adalarında, Avstraliyada və Yeni Zelandiyada yaşayır. Bu qəribə xərçəng quru heyvanıdır, ön qısğacları ilə kəsdiyi kokosdan ötrü ağaclara dırmanır və hündürlükdən yerə atır ki, onlar qırılsın. Məhsulları oğurladığına görə bu adı almışdır, onu ağac yengəci və ya oğru-xərçəng də adlandırırlar. Kokosdan başqa müxtəlif bitkilərin köklərini sevir, yengəcləri və öz fərdlərindən də yeyir. Böyüyənədək bu xərçəngkimilər dibə düşmüş üzvi qalıqlarla qidalanaraq suda yaşayırlar və balıq qulağı evi özləri ilə daşıyırlar. Quruya artıq böyüdükdən sonra çıxır və təkcə kürü tökmə halı istisna olmaqla, heç vaxt suya qayıtmırlar. Bu heyvanlarda qəlsəmə çox zəif inkişaf etmişdir və tam ağciyərləri var. Bu yengəcin əti çox dadlıdır, amma sayları o qədər azdır ki, ovlanmasına müəyyən şərtlər daxilində ildə bir dəfə icazə verilir. Bu canlıların orta ömür müddəti kifayət qədər uzundur. Onlar 10 sm uzunluğa ancaq 5 yaşında çatırlar.

6. Kiçik qırmızı panda (lat. Ailurus fulgens)

Bu qeyri-adi heyvan nəsli kəsilmək üzrədir. Pişik ayısı, kürən bambuk ayısı, kiçik panda, çincə ho-hu, nepalca punya adı ilə də məşhurdur. Punya sonda müasir “panda” sözünə çevrilmişdir. Böyük pişik ölçüsündədir. Yırtıcılara aiddir, amma bitki qidaları yeyir, quş yuvalarını dağıda bilər. Böyük pandanın qohumu deyil, lakin həyat tərzi ona oxşardır. Kiçik pandalar gündə 13 saat çeynəyir, qalan vaxtı isə yatır. Onlar pis gəzdikləri üçün praktik olaraq yerə enmirlər. Cikkiltiyə bənzər səslər çıxarırlar. Cüt-cüt yaşayır və balalarını ağac oyuqlarında böyüdürlər. Bu növ canlı Qırmızı Kitaba salınıb, lakin artıq təxminən 350 heyvan qapalı şəraitdə çoxaldılıb Çin meşələrinə buraxılmışdır. Bəzilərinin 15 il yaşamasına baxmayaraq, ömürləri 8-10 ildir. 1821-ci ildə general və təbiətşünas Tomas Hardvik tərəfindən rəsmi olaraq “kəşf” edilsə də, materialları ilə İngiltərəyə qayıtmaqda gecikir. Fransız təbiətşünası Frederik Küvye (1773÷1838) bu canlıya latınca tərcümədə “parlayan pişik” mənasını verən Ailurus fulgens adını verdi.


7.Qırmızı dodaqlı yarasa balığı (Ogcocephalus darwini)

Dərhal nəzər çarpan qırmızı dodaqlara malik ən qəribə heyvandır, dodağına qırmızı boya çəkmiş qadını xatırladır. Sakit okeanda, əsasən Qalapaqos adalarında 3-120 m dərinlikdə yaşayır. Ekvador sularında və Peru sahillərində də rast gəlinir. Bu kiçik balıqların təxmini uzunluqları 25 sm, çəkisi 1 kq-a qədərdir. Ömrü bir ilə qədərdir. Elmi tədqiqatlar bu balıqlara belə qeyri-adi dodaqların nə üçün lazım olduğuna dair birmənalı cavab vermir. Bu balıq təkcə maraqlı rəngə malik deyil, həm də su altında dörd ayaqla gəzən yeganə balıq növüdür. Bir balıq növündən gözləmədiyimiz xüsusiyyətə malikdir, üzmə qabiliyyəti yoxdur. Sinə üzgəcləri vasitəsilə okeanın dibi ilə rahatlıqla gəzir. Bu növ, ilisiumu (tilovlukimilər (lat. Lophiiformes) dəstəsinə aid balıqların başının üstündə ov etmək üçün çıxıntı, artım) vasitəsilə cəlb edərək digər xırda balıqlar, kiçik xərçəngkimilər (məsələn, krivetka) və molyusklarla qidalanır. Qırmızı dodaqlı yarasa balığı böyük dərinlikdə yaşadığı üçün sayları olduqca sabitdir.

8. Palçıqlı tullanan (lat. Periophthalmus)

«Qeyri-adi heyvanlar» qrupu bu qəribə balıqlar olmadan tam olmazdı. Onlar Gobiiformes dəstəsinin Oxudercidae ailəsindən olan şüaüzgəcli balıqlar sinfinə aiddir. Şirin suyun dəniz suyu ilə qarışdığı yerlərdə manqrov kollarında yaşayırlar. Alimlər onları balıqlardan amfibiyalara (suda-quruda yaşayanlar) keçid forması hesab edir. Böyük ön üzgəcləri sayəsində nəinki palçıqda yaxşı sürünür, hətta həşəratı cəld tutduqları ağaclara da dırmana bilirlər. Suda qəlsəmələr, quruda dəri və udulmuş su ilə nəfəs alırlar. Qəlsəmə ilə nəfəs almaları və üzgəclər sübut edir ki, bu heyvanlar suda-quruda yaşayan olsalar da, balıq sayılırlar. Okean və dənizlərin səviyyəsinin oynadığı vaxt palçıqdan çıxardıqları bitki qidaları və xırda orqanizmlərlə qidalanırlar. Tullananlar adını cütləşmə vaxtı hündürlüyə tullanmalarına görə veriblər. 360 dərəcə görünüş təmin edən böyük mobil gözlərə sahibdirlər. Onların yırtıcı balıqlardan başqa əsas təbii düşməni iri ağ vağ (lat. Ardea alba – qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü) və su ilanlarıdır.

9. Tibet tülküsü (lat. Vulpes ferrilata)

Görünüşcə qəribə olan bu heyvan daha çox kök canavara və ya ensiz gözləri olan şişmiş itə oxşayır. Boynundakı xəz yalına görə başı kvadrat formalıdır. Heyvan o qədər arxayındır ki, «ümumbəşəri laqeydliyin» simvoluna çevrildi. Tibet tülküsü kiçik ölçüdə, ev pişiyindən bir az böyükdür və çəkisi 5 kilonu aşmır. Ayaqları qısa, quyruğu dolğundur. Xəzi yanlardan tünd ləkələrlə çirk sarı rəngdədir. Qida rasionu əsasən Şimali Amerikada yayılmış gəmirici növü olan pika və ya Amerika pikasından (lat. Ochotona princeps) ibarətdir. Bundan başqa, kiçik gəmiriciləri, dovşanları, yer səthində yuva quran kiçik quşları və onların yumurtalarını da yeyir. Lakin, başqa növ şikar tutsa və ya tapsa, dərhal onu da qidasına əlavə edər (məsələn, həşəratlar, sürünənlər və ya giləmeyvələr). Leş də yeyə bilir. 2006-cı ilə qədər tibet tülkülərini onların olduqca gizli həyat sürdüklərinə və yaşadıqları yerlərin əlçatmaz olmasına görə heç vaxt video ilə çəkməmişdilər. İlk dəfə buna BBC-nin çəkiliş qrupu nail oldu. Geniş auditoriya tibet tülküsünü «Yer Planeti» sənədli filminin “Böyük düzənliklər” (“Great Plains”) adlı 7-ci seriyasında görə bildi. Əksər tədqiqatçılar tibet tülküsünün ömrünü ideal şəraitdə 8-10 il qeyd edirlər. Tədqiqatçılar 2008-ci ildə tibet tülkülərini dəniz səviyyəsindən 5200 metr hündürlükdə dağ düzənliklərində müşahidə etmişdilər.


10. Uzuntopuq (lat. Tarsius)

Olduqca qeyri-standart görünüşlü nadir kiçik primatlardır (10-16 sm). Filippin uzuntopuğu barədə ən təəccüblü faktlar budur: baş ölçüsü ilə müqayisədə ən böyük gözləri var; uzuntopuqlar öz vətənlərində pis şöhrətə malikdir, burada onlar şər ruhlar hesab edilir. Hamiləlikləri 6 ay sürür, balası 24-30 qram çəkidə yaxşı inkişaf etmiş və görmə qabiliyyətli doğulur, xörək qaşığına yerləşir, anası onu yarım il üzərində daşıyır. Yeddi həftədən sonra süddən ayrılıb ətli qidaya keçir. Yerdə gəzəndə uzun arxa ayaqları sayəsində 170 sm uzununa, 160 sm hündürlüyə tullana bilirlər. Ən yaşlı məşhur uzuntopuğun ömrü (təbiətdə) 14 il oldu. Bu heyvan «Ulduz müharibələri» filmində körpə yodanın prototipi oldu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 421 458 471 407 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.