Qəribə və nadir heyvanlar - 5 (SON)
Beşliklə layihəyə son qoymazdan əvvəl, çəkilən zəhməti dəyərləndirərək indiyə kimi ən qəribə hesab etdiyiniz və hansı heyvanla ilk dəfə qarşılaşdığınız barədə şərh bildirməyinizi xahiş edirəm. Peyğəmbərimiz (s.ə.s) müsəlmanlara xitabən təkidlə buyururdu: "Beşikdən qəbrə kimi elm öyrənin". Hər kəsə dünya görüşünü artırmağa davam edərək xoş və faydalı zaman keçirmələrini arzu edirəm və məqalələrimi dərc edən sayt rəhbərliyinə ayrıca minnətdarlığımı bildirirəm.
1. Basenci və ya basenji

Artıq 5000 ildir mövcud olan ən qədim it cinslərindən biri, hürməyən Afrika itidir (həmçinin, Konqo kol iti, Konqo meşə iti, konqo-teryer, nyam-nyam-teryer, zande iti (Zande – Mərkəzi Afrikanın şimal xalqı) “kolun məxluqu”). Hürmənin əvəzinə özlərinə məxsus “söhbətvari” uğultulu səslər çıxarırlar. Üstəlik, pəncələri ilə yuyunurlar. Kəskin burulmuş quyruğu və qırışlı alnı var. Tükü hamar, qısa və parlaqdır, rəngi müxtəlif ola bilər. Erkək və dişilərin böyüklərində boy və çəki bir-birindən fərqlənir. Erkəklərin boyu 43 sm, çəkisi 11 kq; dişilərin boyu 40 sm, çəkisi 9,5 kq təşkil edir. Qədim Misirdə bu itləri onları yüksək qiymətləndirən və canlı qoruyucu hesab edən fironlara hədiyyə olaraq gətirirdilər. Bunu fironların qəbirlərindəki basenjilərin divar rəsmləri, eləcə də böyük sahibləri ilə birlikdə şərəflə dəfn edilmiş itlərin mumiyaları sübut edir. Basenjiyə bənzər itlər Nubiyada (müasir Sudanın ərazisi) yayıldı. Konqo Demokratik Respublikasında (keçmiş Zair) basenjilər ov işində indi də istifadə edilir və gözəl ov etmə keyfiyyətlərinə görə onları yüksək qiymətləndirirlər. Basenjilər ilk dəfə Afrika qitəsini 1895-ci ildə tərk etdilər və dənizçilər tərəfindən İngiltərəyə gətirildilər, lakin bu itlər yaşamadı. Basenjilər 1905-ci ildə ekzotik heyvanlar kimi Berlin zooparkında göründü, 1930-cu illərdə isə yenidən İngiltərəyə gətirildilər və burada indiyədək istifadə edilən cinsin standartı təsdiqləndi. Basenjilər ilk dəfə 1937-ci ildə «konqo-teryer» adı altında ABŞ sərgisində göründükdən sonra cinsə diqqət yetirdilər. 1941-ci ildə isə Amerikaya basenji cütlüyü gətirildi, onlardan da bu cinsin yayılması başladı.
2.Damcı balıq (lat. Psychrolutes marcidus)

Damcı balıq depressiyalı insan sifətini ifadə edən unikal görünüşə sahibdir. Hesab edilir ki, damcı balıq dünya təbiətinin ən çirkin məxluqlarından biridir, buna görə də İnternetdə aparılan sorğuların “ən qəribə məxluqlar” reytinqində birinci yeri tutmağa davam edir. Xarici görünüşü orqanizmdən daha çox lilli sferanı xatırladır. Avstraliyanın sahil sularında yayılmışdır. Su təzyiqinin həddindən artıq yüksək olduğu okean dərinliklərində (600-1200 m) yaşamağa üstünlük verdiyi üçün onun haqqında elmi məlumatlar məhduddur. Bu yer onun əlçatmaz sığınacağıdır, damcı balıq burada yaşadığı mühitin aqressiv şərtlərinə müəvvəfiqiyyətlə uyğunlaşır. Son zamanlar balıqçıların onu tez-tez suyun səthinə çıxardıqları Avstraliya və Tasmaniya sahillərində yaşaması da təxmin edilir. İlk dəfə Tasmaniya balıqçıları tərəfindən 1926-cı ildə tutuldu, amma növün öyrənilməsi zəif də olsa, yalnız XX əsrin ikinci yarısında mümkün oldu. Adətən balığın uzunluğu 30 sm-i aşmır, çəkisi 2 kq-dır. Asiya ölkələrinin sakinləri bu balığın ətini delikates hesab edirlər, avropalılar isə belə kulinariya ləzzətinə soyuq yanaşırlar. Dərin dəniz balıq sənayesinin genişlənməsi səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır, çünki torlara tez-tez yengəc və omarlarla birlikdə düşür.
3.Ulduzburun köstəbək (lat. Condylura cristata)

Köstəbəklər (Talpidae) ailəsinin həşəratyeyən məməlilər növünə aid olan və Şimali Amerikanın şərqində (Kanadanın mərkəzində yerləşmiş Manitoba əyaləti və Kanadanın şərqindəki Labrador yarımadasından Şimali Dakota və Ohayo ştatlarına, həmçinin okean sahilindəki Corciya ştatına qədər) yaşayan ulduzburun qorxulu görünüşünə baxmayaraq, su həşəratları, qurdlar və molyusklarla qidalanan sakit heyvandır. Ailənin digər nümayəndələrindən ilk növbədə ağzındakı ulduzu xatırladan iyirmi iki ədəd həssas dəri artımı ilə fərqlənir. Əslində zərərsiz olan bu dəri əlavələri yüz minlərlə reseptorlarla örtülüb. Onlar şikarının hərəkətlərindən yaranan elektrik impulslarını tez duymağa imkan verir. Bu unikal mexanizm köstəbəyə öz təbii mühitində müvəffəqiyyətlə ov etməyə və sağ qalmağa kömək edir. Xəzi digər növ köstəbəklərinkindən sərtdir, islanmır. Bədən ölçüləri 10-13 sm təşkil edir. Sərt tüklərlə örtülmüş və qışda piyin saxlanması funksiyasını yerinə yetirən quyruğu digər əksər köstəbəklərdən uzundur və 6-8 sm-dir. Yetkin fərdlərin çəkisi 40-85 qram olur. Digər bir çox köstəbək növlərindən fərqli olaraq ulduzburunlar yarımsu həyat tərzi yaşayırlar, buna görə də onlar qidasını suda, torpağın altında və səthində axtarırlar. Onlar yaxşı üzə bilirlər və dibdə ov edərək gölməçələrə baş vururlar. Bundan başqa, onlar yenə qida axtarmaqdan ötrü digər köstəbək növlərindən daha tez-tez torpağın səthində görünürlər. Bəzən sıx ağaclıqda xarakterik cığırlar salırlar. Ulduzburunlar gündüz və gecə vaxtı aktivdir. Qış yuxusuna getmirlər və qarı qazaraq və ya buz bağlamış gölməçələrin altı ilə üzərək qida axtarışına qışda da çıxırlar. Bu heyvanlar digər köstəbəkkimilərdən daha sosialdırlar. Erkək və dişini tez-tez cütləşmə dövründən kənar vaxtda da birlikdə görmək olar, bu da onların əsasən monoqam həyat tərzi yaşadıqlarını göstərir. Dişilər 2-7 bala dünyaya gətirir, on aylıqlarında cinsi yetişkən olurlar. Ömürləri 3-4 ildir.
4.Petersin xortumlu itciyəci (lat. Rhynchocyon petersi)

Petersin xortumlu itciyəci və ya qırmızı çiyinli xortumlu itciyəc Afrikada yaşayan atlanqaçlar ailəsinə aid bir məməlidir. Növ adı alman naturalisti, zooloqu, anatomisti və kəşfiyyatçısı, Rusiya Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1876) Vilhelm Karl Qartviq Petersin (1815÷1883) şərəfinə verilib. Xortumlu itciyəcin adı onun qeyri-adi görünüşünü ifadə edir. Bu maraqlı məməli atlanqaçlar dəstəsinə aiddir və özünün kiçik ölçüləri ilə hər kəsi heyran edir: uzunluğu 22-30 sm, quyruğu 25 sm-ə çatır, çəkisi təxminən 500 qram təşkil edir. Əsas nəzərə çarpan əlaməti böcək və başqa həşəratları otlarda və yarpaqların altında axtarmaq üçün uyğunlaşdırılmış xortuma bənzəyən uzun ağzıdır. Baş, çiyinlər və qarın qırmızımtıl, qalan yerləri qara rəngdədir. Ayaqları uzun və nazik, üstəlik arxa ayaqları qabaqdan daha uzundur. Qulaqlarının kiçik olmasına baxmayaraq, yaxşı eşitmə qabiliyyətləri var. Bu məxluqlar iti iybilmə qabiliyyətinə sahibdir. Birlikdə yaşayan cütlüklər quraraq monoqam həyat tərzinə üstünlük verirlər. Bu heyvanlar ancaq torpaqda yaşayırlar. Gündüzlər fəal olur, gecəyə yaxın torpağın dərin olmayan çökəkliklərində bitki materiallarından rahat yuva qururlar. Dişilər, artıq iki həftədən sonra yuvalarını tərk edib uzaqlaşan bir və ya iki bala gətirir. Ömür müddəti 4 ildən 5 ilə qədərdir. Növ Keniyanın cənub-şərqində və yaxınlıqdakı Zənzibar (Hind okeanında Tanzaniyaya aid 75 adadan ibarət arxipelaq. Arxipelaqın bir hissəsi Zənzibar muxtariyyətinə daxildir) və Mafiya (Hind okeanında Tanzaniyanın eyni adlı arxipelaqının əsas adası) adaları ilə birlikdə Tanzaniyanın şimal-şərqində yayılmışdır. Onların təbii yaşayış yeri meşələrdir, amma həm sahilyanı meşələrdə, həm də meşə ilə örtülmüş təpəli ərazilərdə yaşayırlar.
40. Goblin köpəkbalığı(lat. Mitsukurina owstoni)

Goblin köpəkbalığı olduqca zəif görünür, lakin əslində bu növün fərdlərinin güclü əzələləri var. Bəşəriyyat ilk dəfə bu növ köpəkbalığı ilə 1897-ci ildə, Yaponiya sahillərinə çıxan balıqçılardan biri bu qəribə yırtıcını təsadüfən tutanda tanış oldu. Bu kəşf bəxtəvər adamda çaşqınlıq və qorxuya səbəb oldu. Onlar bütün dünyada Sakit okeanın Avstraliya sularından Atlantik okeanın Meksika körfəzinə qədər 200 m-dən yuxarı dərinlikdə rast gəlinir. Maksimum tutum dərinliyi 1300 metrdir. Ovlanmış və ya sahilə atılmış bu növ köpəkbalığının cəmi 45 nümunəsi elmə məlumdur. Sakit okeanın goblin-köpəkbalıqları daha böyük ölçüləri ilə seçilir. Elmi cəhətdən ilk dəfə 1898-ci ildə təsvir edildi. Onların böyük əskəriyyəti Yaponiya sahillərinin Tosa körfəzi ilə Boso yarımadası arasındakı ərazidə tutulmuşdur. Bu köpəkbalıqları Avtstraliya, Yeni Zelandiya, CAR, Fransa Qvianası (Cənubi Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində yerləşmiş Fransanın dənizaşırı departamenti) sahillərində, Biskay körfəzində, Madeyra (Portuqaliyanın muxtar ərazisi) və Portuqaliya sahillərində, həm də Meksika körfəzində tapılır. Onlar Mitsukurina cinsinin tək nümayəndəsi, Mitsukurinidae ailəsinin yeganə sağ qalanıdır. Bir çox internet mənbələrində “goblin shark” kimi xatırlanır. Goblin köpəkbalığının bədəni yumşaq, demək olar ki, altında güclü əzələlərin gizləndiyi boş bir quruluşa malikdir. Bu yırtıcının xarakterik əlaməti ona vahiməli görünüş əlavə edən qorxulu gözlərlə böyük üzüdür. Goblin köpəkbalığının çənələrinin unikal quruluşu onu daha da ölümcül edir, çünki onlar irəli uzanaraq balığa qorxulu görünüş verir və ov imkanlarını artırır. Üstəlik, çənələri «Alien» filmindəki qorxunc canlıları ilhamlandıran dərin dəniz canlılarıdır.

Rəngi də qeyri-adi, çəhrayı rəngə yaxındır (qan damarları yarışəffaf dərisindən görünür). Nəhəng fərd 3,8 m uzunluğa, 210 kq çəkiyə çatıb. Qida rasionuna dərin sularda yaşayan kalmarlar, xərçəngkimilər və balıqlar daxildir. Bu balıqlarn çənələri kolleksiyaçılar tərəfindən yüksək qiymətlədirilir. Onlardan biri diri halda tutulmuş və Tokiya Universitetində (Yaponiya) saxlanılırdı, lakin qapalı şəraitdə yalnız bir həftə yaşadı. İnsan üçün (80 sm-dən böyük istənilən köpəkbalığı kimi) potensial təhlükəsi var, amma bu balıq çox nadir olduğu və böyük dərinlikdə yaşadığı üçün onunla təsadüfən qarşılaşma şansı yoxdur.






