Paşinyan: Qərarımızı xarici qüvvələr verməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin zərurət yaranacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib. Sun.Az xəbər verir ki, Paşinyan bu barədə İctimai Televiziyada yayımlanan seçkiqabağı debat zamanı danışıb.
Debat zamanı "Güclü Ermənistan" partiyasının idarə heyətinin üzvü Narek Karapetyan Baş nazirdən Ermənistanın KTMT-də iştirakını dayandırmasının praktik nəticələrinin nədən ibarət olduğunu və təşkilatdan çıxmaqla bağlı yekun qərarın niyə hələ qəbul edilmədiyini soruşub.
Paşinyan cavabında bildirib ki, Ermənistan bu məsələdə öz qərarını müstəqil şəkildə verəcək.
"Lazım gələrsə, KTMT-dən çıxacağıq. Mən demişəm ki, geri qayıtmayacağıq və müvafiq qərarı qəbul edəcəyik. Ermənistanın nə vaxt çıxacağına xarici qüvvələr qərar verməyəcək", - deyə Baş nazir vurğulayıb.






