Kəllə-paça və qaraciyər sevənlər üçün vacib xəbərdarlıq
"Heyvanların daxili orqanlarının qida kimi istehlakı qədim mətbəx ənənələrimizin bir hissəsidir. Qida dəyəri baxımından bir tikə qaraciyər bəzən bir kiloqram ən bahalı file ətdən daha zəngin hesab olunur".
Bunu Sun.Az -a açıqlamasında sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.
O, qeyd edib ki, qaraciyər təkcə dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini ilə zəngindir. Ürək isə əzələ quruluşuna görə adi ətə yaxın olsa da, tərkibindəki Koenzim Q10 sayəsində enerji mübadiləsində mühüm rol oynayır:
"Bununla belə, daxili orqanların istehlakı zamanı bəzi məqamlara diqqət yetirilməlidir. İlk növbədə, heyvanın necə qidalanması və hansı şəraitdə kəsilməsi böyük əhəmiyyət daşıyır. Qaraciyər və digər daxili orqanlar orqanizmin filtrasiya sisteminin bir hissəsi olduğundan, heyvan keyfiyyətsiz yemlərlə qidalanıbsa və ya ağır metal çirklənməsinə məruz qalıbsa, zərərli maddələrin müəyyən hissəsi həmin orqanlarda toplana bilər. Bu səbəbdən mənşəyi məlum olmayan içalat məhsullarından uzaq durmaq tövsiyə olunur.
Digər vacib məsələ isə miqdardır. Azərbaycan mətbəxində qovurma, kəllə-paça və müxtəlif içalat yeməkləri geniş yayılıb. Lakin daxili orqanlar yüksək xolesterin və purin tərkibinə malikdir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və ya podaqra diaqnozu olan şəxslər bu qidaları ehtiyatla qəbul etməlidirlər.
Mütəxəssislərin fikrincə, sağlam insan üçün həftədə bir dəfə içalat istehlakı kifayət edir. Bu, orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması üçün həm təbii, həm də iqtisadi baxımdan sərfəli üsullardan biridir.
İçalatların hazırlanması zamanı gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Bu məhsullar mikrobioloji çirklənməyə çox həssas olduğundan alındığı gün bişirilməli və ya dərhal dondurulmalıdır. Bişirmə zamanı orqanın daxili hissəsinin tam bişdiyinə, çiy qalmadığına əmin olmaq vacibdir.
Xüsusilə uşaqların və yaşlı insanların qidalanmasında daxili orqanların düzgün saxlanılması və hazırlanması qida zəhərlənmələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".






