Qəribə və nadir heyvanlar - 4
Bir daha xoş gördük. Doğrudur, bundan əvvəlki məqalədə sonuncu onluğu paylaşacağımı söyləmişdim, lakin hər bir qəribə heyvan haqqında qeyd etdiyim kimi sonuncu onluqda əks olunacaq məqalə əvvəlkilərə nisbətən geniş olduğu üçün, iki hissəyə bölüb beşinci aya müvafiq şəkildə beşliklə tamamlamaq qərarına gəldim. Xoş mütaliələr.
1. Qoloturiya (lat. Holothuroidea)

Bu onurğasız dərisitikanlılar daha çox dəniz xiyarları, su zanbaqları və trepanqlar kimi tanınır. Ölçüsü 3 sm-dən 2 metrə qədər olur, amma bir növü (Synapta maculata) 5 metrə çatır. Boru kimi ayaqları var. 1150-ə qədər növ qeyd edilib. Az hərəkətli həyat tərzi sürürlər, özlərindən dib qumunu keçirərək planktonla qidalanırlar. Yumurta vasitəsilə çoxalırlar, onların 1/3-i hermafroditdir (ardıcıl olaraq orqanizmdə həm erkək, həm də dişi cinsiyyət əlamətlərinin və reproduktiv orqanlarının olması). Alimlər hələ də onların heyvan və ya bitki olması barədə mübahisə edirlər. Qoloturiyaların bədənində heç bir parazit (təkcə xarici səthdə var) və ya bakteriya aşkar edilməmişdir. Bu heyvanlar beştərəfli bədən simmetriyasına malik dünyada yeganə canlılardır. Trepanqların müalicəvi delikates hesab edildiyi Çində onların çoxalması üçün fermalar mövcuddur. Ən qədim qoloturiyaların 440 milyon ildən çox yaşı var. Dəniz xiyarları olmadan Dünya okeanı ekoloji fəlakətə bürüyərdi – onlar orqanik tullantıların 90%-ni təkrar emal edənlərdir. Dəniz xiyarı insan orqanizmi üçün qida xəzinəsidir, bu dəniz canlısının ifraz etdiyi maddədə olan aktiv birləşmə (Frondozid A) bədxassəli hüceyrələrin inkişafına əngəl olur, onların sağlam hüceyrələri zədələməsinə imkan vermir. Ömür müddəti 5 ildən 10 ilə qədərdir.
2. Adi sibir porsuğu (lat. Gulo gulo; rus. Росомаха)

Ayıların da qorxduğu orta enliklərin ən qəddar yırtıcılarından biridir. Olduqca nadir olan bu heyvanlar Qulo (latın dilindən tərcümədə adı “qarınqulu” deməkdir) adı ilə də məlumdur, Azərbaycanda nəsli kəsilmək üzrə olan meşə dələsinin (lat. Martes martes) qohumudur. Balaca it boydadır, lakin görünüşcə dələkimilər fəsiləsindən olan porsuğa (lat. Meles meles) bənzəyir, üzü pişik kimidir, tülkü səsi çıxarır. Adi sibir porsuğu leşlə qidalanır, lakin quşları və xırda heyvanları da ovlaya bililər. Bərk qaçır, iri əyri caynaqları ilə yastı ayaqdır, onlar ona ağaca asanlıqla çıxmağa kömək edirlər və burada quş yuvalarını dağıdırlar. Onları aqressivliyinə və ev quşlarına, dovşanlara, donuz balalarına hücum etdiyinə görə sevmirlər. Kökündən çıxarılmış ağacların altındakı yuvada yaşayır, qayaların aralarındakı çatlarda və digər gözdən iraq yerlərdə yuvalayırlar. Ov etmə arealı 2000 kv.km-ə şata bilir. Dişilər ildə iki dəfə bala verir, yeniləri doğulanadək balalar anası ilə qalır. Sibir porsuğunun xəzi bahalıdır, ondan çar ailəsi üçün xəz paltolar (şuba) tikirdilər. Bala vaxtından öyrədilmiş sibir porsuqları özlərini it kimi aparırlar. Təbii şəraitdə Sibir porsuqları 10 il, qapalı şəraitdə isə 17 il yaşaya bilər.
3. Günəş ayısı (lat. Helarctos malayanus)

Qeyri-adi görünüşünün bir neçə adı var: biruanq, malay ayısı, ayı-it. Dünyada bu heyvanlardan cəmi bir neçə onlarla qalıb; çox gözəl qəhvəyi-qızıl rəngli qısa tüklərinə və insanlara qarşı xüsusi kinli olduqlarına görə insanlar onu məhv ediblər. Cənub-Şərqi Asiyanın dağətəyi və dağlarının tropik və subtropik meşələrindən yaşayır. Malay ayısı ayıkimilərə aid ən kiçik növdür (ağ ayıdan 10 dəfə kiçik, qara ayının balasından bir az böyük). Uzunluğu 1,6 metri aşmır, çəkisi 30-100 kq-dır. Erkəklər dişilərdən 10-30% böyük olur. Həşəratları yeməsi ilə əlaqəli xarakterik xüsusiyyəti dilinin uzun olmasıdır. Sinəsində günəşin çıxmasını xatırladan nalşəkilli sarımtıl və ya qırmızımtıl ləkə olduğundan “Helarctos”, yəni “günəş ayısı” elmi adını da buradan alıb. Az çəkisinə baxmayaraq, olduqca təhlükəli və aqressiv yırtıcıdır. Qeydə alınmış təbii düşmənləri timsahlar və zəhərsiz torlu pitondur. Gecə heyvanıdır. Ömrünün çox hissəsini günəş vannası qəbul edərək ağaclarda keçirir, yuvasını da burada qurur. Təxminən 23 il yaşayır, lakin Miller Park Zoo zooparkında yaşamış Candy adlı ən yaşlı məşhur malay ayısı 2017-ci ildə ölərək 33 il yaşadı. 12-15 sm-lik oraq formalı caynaqları ilə arı yuvalarını və termit kurqanlarını dağıdır, 25 sm-ə çatan uzun dili ilə sürfələri və balı əldə edir. Bundan başqa, xırda gəmiriciləri, quş və kərtənkələləri, hətta pələnglərın qabağından qalan leşləri yeyirlər. Ağlı ilə fərqlənir və şikarını özünün hazırladığı tələyə cəlb edir. Nəsli kəsilmək üzrə olan bu heyvanın dəqiq sayları məlum deyil. Çox vaxt onu hətta ev heyvanı kimi qapalı şəraitdə saxlayırlar. Ürəyindən və öd kisəsindən ənənəvi Asiya təbabətində istifadə edilir. Bu növ Beynəlxalq qırmızı kitaba “həssas vəziyyətdə olanlar” statusu ilə daxil edilmişdir.
4. Aye-aye (lat. Daubentonia madagascariensis)

Gecə primatlarının ən böyük nümayəndəsi sayılan bu ən nadir və nəsli kəsilməkdə olan yeganə müasir növ məməlinin başqa adları madaqaskar primatı və ağacdələn meymunudur, onların sayı təxminən 20 fərd qalıb. Qırmızı kitaba slınıb. Madaqaskarın tropik meşələrində yaşayırlar. Bu ibtidai primat yöndəmsiz qorxulu görünüşünə görə qəribə adını alıb, kimsə bunu görəndə qorxudan “ay-ay” deyərək ah çəkirdi, bəzən də bu səsli ifadə heyvanın çıxardığı səslərlə əlaqələndirilir. Bu növ primatları 1780-ci ildə Madaqaskarın qərb sahilində işləyən fransız naturalisti və səyahətçisi Pyer Sonnera kəşf etdi. Aye-ayenin sistematik vəziyyəti barədə uzun mübahisələr gedirdi – dişlərinin özünəməxsus quruluşuna görə bu heyvanlar əvvəlcə gəmiricilərə aid edilirdi, lakin sonra alimlər belə nəticəyə gəldilər ki, bunlar xüsusən ümumi qrup gövdədən ayrılmış lemurlardır. Cinsin adı fransız naturalisti Lui Jan-Mari Dobantonun (1716-1800) şərəfinə verilib. Primatlar ağaclarda yaşayaraq uzun nazik dırnaqları ilə dəliklərdən həşəratları və sürfələri çıxarır. Heyvanın bədəni ortalama 40 sm, gözəl dolğun quyruğu 60 sm uzunluqda, çəkisi təxminən 3 kq-dır. Böyük qulaqları və gecə yaxşı görən böyük gözləri var. Dişləri ömrü boyu uzanır, ona görə də ağac gəmirərək onları yonmalıdır. Onların primatların içində ən uzun barmaqları var, altıncı orta barmaq 360 dərəcə fırlnana bilir. 2-3 ilin içində bir bala dünyaya gətirirlər, ana südü ilə 7 ay qidalanırlar, müstəqil qidaya keçənədək balalar (erkəklər bir, dişilər iki ilədək) anası ilə qalırlar. Təbiətdə ömrü dəqiq bilinmir, amma zooparklarda çox uzun – 26 ilədək yaşaya bililər. Son illər onların yaşam ərazisi olan Madaqaskarın tropik meşələrinin qırılmasının davam etməsinə görə sayları yenə azalır. 2000-ci illərin əvvəli üçün zooparklarda sayları təxminən 50 fərd oldu. Üstəlik, primatlar yerli əhali arasında qorxulu bir inanc oyadır. Onlar hesab edir ki, aye-ayeni öldürən şəxs bir il keçməmiş öləcək. Onların öz dilində bu heyvanın əsl adı elmə məlum deyil, çünki onun adını dilə gətirməyə qorxurlar. Bu səbəbdən də heyvan yerli folklorda ümumiyyətlə xatırlanmır.
5. Minoqa (lat.Lampetra fluviatilis)

Başqa adı Xəzər minoqası (lat. Caspiomyzon wagneri) olan bu çay ilanbalığı ən qorxulu və ən qədim balıq növlərindən biri hesab olunur. Diqqətlə baxdıqda onda bel və quyruq üzgəcləri göründüyü üçün suilanı ilə səhv salına bilər. Şimal buzlu okeanında da yaşaya bilir. Bu parazit-balıq 1 m-ə qədər uzana bilir, ağzı dәyirmi formada olub qıfı xatırladır və qan sovurmaq üçün çoxsaylı dişləri ilə balıqdan yapışır. Yeddi qәlsәmә kisәsi olur. Qan dövranı qapalıdır. Dәnizlәrdә yaşasa da, çoxalmaq üçün çaylara gәlir. Kürü tökmə may-iyun aylarında, adətən suyun 10-14°C temperaturunda baş verir. Onlar erkəklərin qurduğu xırda çuxura (bunu yuva da adlandırmaq olar) 2-3 min, hәtta yetkin iri fәrdlәri 40 minәdәk kürü tökür. İlanbalıqları kürü tökdükdәn sonra tәlәf olurlar. Kürüdәn çıxmış sürfәlәr qum mühitini sevdiklәri üçün onlara “qumeşәn” adı vermişlәr. Sürfə mərhələsi 2-3 il çəkir. Atlantik okeanında sәnaye әhәmiyyәti az olan, bәdәninin uzunluğu 50-100 sm-ә çatan Dәniz ilanbalığı (Petromyzon marinus Linnaeus, 1758) yaşayır. Onlar bәzәn suyun 500 m-dәk dәrinliyindә mәskunlaşır. Bioloqlar bir sirri açmağa çalışırlar: ana ilanbalığı tәlәf olduqdan sonra dünyaya gәlmiş körpәlәr öz vәtәnlәri olan dәnizә necә qayıdır? Onlar bunu instinktlә әlaqәlәndirirlər. Minoqanın əti delikates sayılır, onu bahalı restoranlarda təqdim edirlər. Nəzarətsiz ovlanma səbəbindən növ sayı kəskin azalmışdır və indi Xəzər minoqası RF-nın Qırmızı kitabına salınıb. Minoqa insanı dişləsə, təcili olaraq xəstəxanaya getmək lazımdır, çünki yaradakı qan laxtalanmayacaq və qan itkisi həyat üçün təhlükəli ola bilər.






